Ana səhifə » Təhsil

Təhsil

Ümumi təhsil sahəsi Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, müvafiq fərman, qərar və sərəncamlar, Təhsil Nazirliyinin Əsasnaməsi və digər normativ sənədlərə uyğun olaraq fəaliyyət göstərir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil şöbələrinin (idarələrinin) və təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Eləcə də psixoloji xidmətin, sosial-pedaqoji himayənin təşkili, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması, istedadlı uşaqların, şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi, pedaqoji əməkdaşlıq ideyalarının, pedaqogika və psixologiya elmlərinin nailiyyətlərinin, yenilikçi müəllim, tərbiyəçilərin, təlim-tərbiyə müəssisələri rəhbərlərinin və təhsil orqanları işçilərinin qabaqcıl iş metodlarının tətbiqi, Nazirliyin müvafiq struktur bölmələri ilə birlikdə təlim-tərbiyə müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Şagirdlərin təlim-tərbiyə səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, tədris-maddı bazadan məqsədyönlü istifadə edilməsi, məktəblərin, internat məktəb və uşaq evlərinin rəhbərlərinin, müəllimlərin, tərbiyəçilərin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, talış, avar, ləzgi, ivrit, saxur, xınalıq, udin və kürd dilləri müstəqil bir fənn kimi tədris olunur.